Muzeyin 2016-cı il nəşrlərinin təqdimat mərasimi keçirildi - LIDER TV SƏDA

Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin 2016-cı il nəşrlərinin təqdimat mərasimi keçirildi. Təqdimatda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, M.F.Axundov adına Azərbaycan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb ü.f.d. Leyla İmanova, tarixçi alimlər, muzeyşünaslar, Muzey əməkdaşları, mədəniyyət xadimləri, tələbələr, kitabsevərlər və media işçiləri iştirak etdilər. Tədbiri Muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq gələn qonaqları salamladı və Muzeyin bu əlamətdar günündə iştarak etdiklərinə görə onlara öz təşəkkürünü bildirdi. Sonra natiq Muzeyin cari ildə həyatında baş vermiş önəmli hadisələri və nəşrləri haqqında məlumat verdi.
Muzey Azərbaycan tarixinin təbliği və maarifləndirilməsi istiqamətində böyük uğurlar əldə etmişdir. Milli Azərbaycan Tarixi Muzeyi hər il Muzeyin materialları əsasında, Azərbaycan tarixinin bütün dövrlərini əhatə edən elmi məqalələr toplusu, kataloq, buklet, broşürlər və s. dərc etdirir. Hər il olduğu kimi 2016-cı ildə də ənənəsinə sadiq qalan Muzey 11 müxtəlif adda kitab nəşr etdirərək öz oxucu kütləsinə və ictimaiyyətə təqdim etmişdir. Muzeyin həyatında baş verən yeniliklər, muzey işi və Azərbaycan tarixi haqqında ətraflı məlumatlar bu nəşrlər vasitəsilə əldə oluna bilər. Bu əsərlər Milli Azərbaycan Tarixi Muzeyinin elmi əsərləri, etnoqrafik və arxeoloji materiallardan ibarət kitab-albom və kataloqlar, akad. N.Vəlixanlının “Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər”, F.Cabbarov və M.Məmmədovun “Şollar-Bakı su kəmərinin tarixindən”, N.Əliyevanın “Şeyx əs-Siləfi və Azərbaycan” və “Ибн Макула о мухаддисах Азербайджана” adlı kitablarından ibarətdir.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli öz çıxışında Milli Azərbaycan Tarixi Muzeyinin mədəniyyət ocağı olması ilə bərabər elmi təşkilat olmasını vurğulamış, burada aparılan tədqiqat işlərindən danışmışdır. O, həmçinin, Muzey nəşrlərinin tədqiqatçılara böyük kömək, fondlarda qorunan materialların geniş ictimaiyyətə təqdim olunmasının əhəmiyyətini qeyd etmişdir. Sonra nəşrlərlə yaxından tanış olan mütəxəssislər kitablarla bağlı fikirlərini bildirmişlər.
Azərbaycan tarixinin dərindən öyrənilməsi və dünya ictimaiyyətinə çatdırılmasında bu nəşrlər mühüm əhəmiyyətə malikdir.
Tədbirin sonunda gələn qonaqlara Muzeyin nəşrləri hədiyyə olunmuşdur.