Yardımlının ən hündür şəlaləsinin mənzərəsini görənlər heyran qalır

Yardımlının ən hündür şəlaləsinin mənzərəsini görənlər heyran qalır

Ölkəmizə üz tutan turistlərin ən çox maraq göstərdiyi məkanlardan biri də Yardımlı şəlaləsidir. Bölgənin ecazkar möcüsəsi hesab edilən bu təbiət incisini həm də cənubun vizit kartı da hesab etmək olar. Dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən bu zirvədən baxanda ətrafa gözəl mənzərə açılır. Keçmişdə sakinlər həm də bu zirvədən müdafiə məntəqəsi kimi istifadə ediblər.

Yardımlı şəlaləsi rayonun mirvarisi hesab edilir. Masallı-Yardımlı yolunun 25 kilometrində yerləşən şəlalənin şırıltısı yol boyu ona yaxınlaşdıqca daha da aydın eşidilir. Burada dolanbac yolları qalxdıqca, təhlükəli sıldırım aşırımları aşdıqca özünü nağıllar aləmində hiss edirsən. Yol kənarlarında ən çox diqqəti çəkən təbii çeşmələrdən salınan bulaqlardır. Dincəlmək üçün Yardımlıya gələn turistlər böyük həvəslə şəlalənin qarşısında dayanaraq şəffaf bulaq suyundan içib, yollarına davam edirlər. Şəlalənin ətəyində isə gözə dəyən daha çox azyaşlılardır. Turistlərin çoxu ilk dəfə bu məkana üz tutduğundan bu əvəzsiz mənzərədən ayrılmaq istəmirlər. 

Mənbəyini Honuba bulaqlarından götürən 34 metr hündürlükdən tökülən şəlalə iki balaca axardan və üç hissədən ibarətdir. Ərazinin ikinci qatından sonrakı hissəsi sıldırım qayalıqlardan ibarət olduğundan irəliləmək təhlükəlidir. Turistlərin şəlalənin zirvəsinə qalxması üçün piləkənlər inşa edilib. Buradan ətraf olduqca aydın görünür.

Bu zirvə uzun illər həm də strateji məntəqə kimi də istifadə edilib. Zirvənin coğrafi movqeyi istirahət üçün əlverişli olduğundan yolçular burdan dayanacaq məntəqəsi kimi istifadə ediblər. Eyni zamanda şəlalə zirvəsi dəniz səviyəsindən 1500 metr yüksəklikdə yerləşdiyi üçün buradan gözətçi məntəqəsi kimi də istifadə edilib. Yerli sakinlərin dediyinə görə məntəqə uzun illər çar jandarmalarından gizlənən qaçaqların sığınacaq yerinə çevrilib.

Sakinlər deyir ki, vaxtı ilə şəlalədən Lənkərana, Masallıya və Cəlilabada üç istiqamətdə yol mövcud olub. Burada həm piyada, həm də araba ilə hərəkət etmək mümkün olub. 1930-cu ildə Yardımlı- Masallı piyada yolu genişləndirilərək magistral yola çevrilib.