RUSİYA YEREVANIN NARAZILIĞINA MƏHƏL QOYMAQ NİYYƏTİNDƏ DEYİL

Moskvada Azərbaycan və Rusiyanın müdafiə nazirləri arasında baş tutan məhsuldar danışıqlar Ermənistanda narahatlığın yaranmasına səbəb olub. Danışıqlarda Zakir Həsənov və Sergey Şoyqu bəyan ediblər ki, Azərbaycanla Rusiyanın hərbi-texniki əməkdaşlıq sahəsində böyük perspektivləri var. Rusiyalı hərbi ekspert Andrey Frolovun fikrincə, bu əməkdaşlıq tarixə söykənir və çox uğurludur.
Yerevanda ondan narazıdırlar ki, Rusiya – Ermənistanın strateji müttəfiqi Azərbaycana silah satır. Amma Ermənistan sərhədlərinin kənarlarında bu məsələ heç kəsi maraqlandırmır.
Rusiyalı politoloq Nikita İsayevin sözlərinə görə, hərbi-texniki əməkdaşlıq da daxil olmaqla, Bakı ilə Moskva arasında mövcud münasibətlər formatı hər iki tərəf üçün əlverişlidir. Rusiya ilə Azərbaycan arasındakı sıx hərbi-texniki əməkdaşlıqla bağlı Ermənistanda yaranan isterika bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqeyini bir daha nümayiş etdirir. Erməni tərəfi adəti üzrə danışıqlardan qaçmağa çalışır.
Sülh problemlərinin araşdırılması üzrə Stokholm beynəlxalq institutunun məlumatına görə, güclü iqtisadiyyata malik Azərbaycan 2011-2016-cı illərdə Ermənistandan daha çox silah alıb və bunun böyük hissəsini Rusiyadan əldə edib. Tərəflərin bəyanatlarından çıxış edərək, demək olar ki, Bakı və Moskva hərbi-texniki sahədə məhsuldar və ən əsası qarşılıqlı faydalı əməkdaşlığı davam etmək niyyətindədir.