ERİK XAÇATUROV BAKIYA GƏLİB

Azərbaycan bir çox xalq və millətlərin nümayəndələri üçün təkcə yaşayış yeri deyil, həm də vətəndir. Ölkədə minlərlə rus, yəhudi, ləzgi və erməni yaşayır. Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir çox erməni doğma respublika haqqında ən isti xatirələri saxlayaraq Azərbaycanı tərk edib. Erik Xaçaturov da onlardan biridir. O, bu ilin yanvar ayında CBC-nın xəbər buraxılışlarında Bakı haqqında xatirələrini bölüşüb və Bakını ziyarət etməyi arzuladığını bildirmişdi. Beləliklə, onun arzusu yerinə yetib.
Bakı hava limanına ayaq basan kimi Erik Xaçaturov göz yaşlarını saxlaya bilmədi və onu yalnız buraxmağı xahiş etdi.
Onu – “köhnə bakılı”nı Azərbaycan-Ermənistan sülh platformasının üzvləri qarşıladılar.  Azərbaycan tərəfdən Orxan Nəbiyev və Dilarə Əfəndiyeva, erməni tərəfdən hazırda Bakıda yaşayan jurnalist Syuzan Caqinyan.
“Mən yenicə təyyarədən düşmüşəm, heç nə deyə bilmərəm. Məni bir az emosiyalar bürüyüb. İlk olaraq öz doğma küçəmə gedəcəyəm. 150 metrlikdə yerləşən orta məktəbi, Qız Qalasını, görməli yerləri ziyarət edəcəyəm. Gənclikdə olduğum yerləri...”  
Erik Xaçaturov Bakını ötən əsrin sonunda, Dağlıq Qarabağ münaqişəsi alovlanmağa başlayan vaxt  tərk edib. O zaman onun 18 yaşı olub. Erik Xaçaturov Ermənistana getsə də, orada onu qəbul etməyiblər. Çünki bu respublikada Bakı ermənilərini sevməyiblər və onları aşağılamaqdan belə çəkinməyiblər. Bu münasibətə dözməyən Erik dərhal Ermənistanı tərk edib və hazırda ailəsi ilə birgə yaşadığı Rusiyaya yollanıb. Bununla belə, onun ürəyi əvvəlki kimi Bakıda qalıb.
Beləliklə, Erik Xaçaturov illər sonra özünə vətən saydığı doğma Bakıya gəlib.