“DİVLƏR SARAYI”INI MƏNİMSƏMƏK İSTƏYƏNLƏRƏ MƏDƏNİ CAVAB - CBC AZ

Ermənilər ən qədim yaşayış məskəni olan Azıx mağarasına iddialarından geri çəkilmək istəmirlər. Füzuli şəhəri yaxınlığında yerləşən və düşmən işğalı altında olan bu mağaranı vaxtilə elə özləri dağıtsalar da, sonradan tarixi abidənin onlara məxsus olduğunu bəyan ediblər. Musiqimizi, tarixi və mədəni abidələrimizi, hətta mətbəximizi mənimsəməyə çalışan düşmən Azıx mağarasında da erməni izi axtarmaqla məşğuldur.
Elə bu il də rəsmi Bakının icazəsi olmadan mağarada qanunsuz arxeoloji qazıntı işləri aparılıb. Heç bir elmi əsası olmayan qazıntı işlərinə Azərbaycanın aidiyyati dövlət qurumları kəskin etirazlarını bildiriblər.
Azıx mağarasını 1960-cı ildə Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya kəşf edib. Abidədən tapılmış ibtidai insanın alt çənə sümüyünün qalığı göstərib ki, Azərbaycanda təxminən 350-400 min il bundan əvvəl insan yaşayıb. Buranın əjdahaların yox, dünyanın ən qədim sakinlərinin yaşayış məskəni olduğu aşkarlanıb.
Azıx mağarasından bəhs edən “Divlər sarayı” sənədli filmində də bu faktara daha əhatəli toxunulur. Rejissor Musa Bağırovun çəkdiyi filmdə mağaradan tapılmış çənə sümüyünün qədimliyinə görə dünyada dördüncü yerdə olduğundan söhbət açılır. Bu fakt kifayətdir ki, dünyanın ən qədim sakinlərinin məskunlaşdığı ərazilər arasında Azərbaycanın mühüm yer tutduğu sübuta yetirilsin.